Son onilliklərdə görünməmiş tətillərin miqyası Britaniyanın “Avropanın xəstə adamı” olduğu ötən əsrin 70-ci illərinin xaotik xəyalını yenidən canlandırıb.

Bu barədə Böyük Britaniyadakı sonsuz tətillər dalğasından danışan və ölkənin 50 il əvvəl düşdüyü dəhşətli vəziyyətə qayıtdığını bildirən BBC-nin yazısında deyilir.

O zaman böhran yalnız Marqaret Tetçerin qeyri-populyar neoliberal islahatları və ölkənin sonradan Avropa İttifaqının vahid bazarına çevrilmiş Avropa azad ticarət zonasına qoşulması sayəsində aradan qaldırıldı.

Tətil edənlər arasında müxtəlif peşələrin nümayəndələri var: hüquqşünaslar, müəllimlər, yanğınsöndürənlər, poçtalyonlar, neftçilər, parkinq işçiləri.

Britaniya iqtisadi inkişafda digər zəngin ölkələrdən geri qalır, əhali isə rekord sürətlə yoxsullaşır. Ölkə 21-ci əsrin əvvəllərində aldığı üç zərbədən - 2008-ci ilin maliyyə böhranından, breksitdən və COVID-dən özünə gələ bilməyib. İnflyasiya illik 11%-i ötür, iqtisadiyyat isə yarım ildir tənəzzüldədir, onun növbəti və ya iki il ərzində artıma qayıtmaq perspektivi yoxdur.

“Britaniyalıların rifahı 1980-ci illərdən 2008-ci ilin maliyyə böhranına qədər davamlı olaraq artıb. Böhrandan sonra birdən hər şey pozuldu və yaşayış səviyyəsinin əsas göstəricisi olan adambaşına düşən real birdəfəlik gəlir durğunlaşmağa başladı, insanlar daha çox işləsə də, daha az qazanmağa başladılar, müavinətlər və sosial təminatlar azaldıldı, təhsil, səhiyyə və digər dövlət xidmətlərinin keyfiyyəti və əlçatanlığı isə pisləşərək insanları şəxsi alternativlərə pul xərcləməyə məcbur etdi”, - BBC yazır.

Qeyd olunur ki, vəziyyət xarici amilin – lokdaun dövründə əhalini və biznesi dəstəkləmək üçün irimiqyaslı dövlət xərclərini tələb edən koronavirus pandemiyasının təsiri ilə daha da pisləşib, daxili səbəblər isə “Brexit” və iqtisadiyyatın idarə edilməsində yol verilən kobud səhvlər olub. “Bütün bunlar Britaniyanı inkişaf etmiş ölkələr arasında iqtisadi artım baxımından autsayderə çevirib və əhalinin gəlirlərinin bərpasını daha da çətinləşdirib”, - yazıda vurğulanır.

Məqalədə həmçinin deyilir ki, Baş nazir Sunakın hökuməti büdcədəki 50 milyard funt-sterlinqdən çox olan “boşluğu” doldurmaq üçün vergiləri artırdığından və xərcləri azaltdığından Britaniyanın vəziyyəti daha da pisləşəcək.

.