“Biznes dairələrimizin birgə fəaliyyəti ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verəcək”.

Bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, bu forum çərçivəsində imzalanacaq ikitərəfli sazişlər də iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək: “Azərbaycanın qarşıdakı 5 il üçün Milli Prioritetləri müəyyənləşdirilib. Bu prioritetlərin həyata keçirilməsində də Türkiyə şirkətlərini görməkdən şad olarıq”. 

Əli Əsədov: “Preferensial ticarət sazişi ticarət dövriyyəmizin artmasına təkan verəcək”

“Preferensial ticarət sazişi ticarət dövriyyəmizin artmasına təkan verəcək”.

Bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, Türkiyə Azərbaycan iqtisadiyyatına indiyədək 13 milyarddan çox sərmayə qoyub: “Əminik ki, qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam edəcək. Azərbaycanda 4100-dən artıq Türkiyə şirkəti qeydiyyata alınıb. Türkiyədəki Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərir. Türkiyəyə sərmayə qoyan azərbaycanlı iş adamları Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. Artıq Türkiyə və Azərbaycan vətəndaşları təkcə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək. Bu, ticarət dövriyyəsinin artmasına, turizmin inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və Türkiyənin həyata keçirdiyi irimiqyaslı layihələr ölkələrimizin transnəqliyyat dəhlizinə çevrilməsində mühüm rol oynayır”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci il fevralın 25-də imzalanıb, həmin il mayın 31-də Milli Məclis Sazişi təsdiqləyib.

Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb. Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minməlidir.

Saziş müddətsiz bağlanıb, razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.

Baş nazir: “Türkiyə şirkətləri azad olunmuş ərazilərdə infrastruktur layihələrini icra etməyə başlayıb”

“Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni dövr başlayır. İşğaldan azad edilmiş torpaqların bərpası üçün strategiya hazırlanıb”.

Bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, artıq işlərə başlanılıb: “Türkiyə şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıb. Füzulidə tikiləcək hava limanının layihəsində də Türkiyə şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərində nəzərdə tutulmuş bütün layihələrdə türk qardaşlarımızı görməkdən məmnun olacağıq”. 

Əli Əsədov: “Azərbaycan bölgədə daha bir işbirliyi platforması yaratmağı təklif edib”

“Azərbaycan bölgədə daha bir işbirliyi platformasını yaratmağı təklif edib. Bu “3+3” formatıdır”.

Bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, bu format Naxçıvana yeni dəmiryolu çəkilməsini də özündə əks etdirir: “Ötən ilin son illərində ilk Azərbaycan qazı Avropaya çatdırıldı. TAP layihəsinin istismara verilməsi nəticəsində bu mümkün oldu. Bu, tarixi hadisədir. “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın 2018-ci ildə TANAP ilə Türkiyəyə daxil olmasının ardınca TAP vasitəsilə Avropaya çatdırılması Azərbaycanın qaz ölkəsi kimi tanınmasına səbəb oldu”.  

Baş nazir: “Koronavirusun təsirindən Türkiyə ilə ticarət dövriyyəmizdə elə də əhəmiyyətli azalma olmayıb”

“Türkiyə səfərinə böyük əhəmiyyət veririk, Əminik ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək”.

Bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, forum çərçivəsində iş adamlarımız bir araya gələrək gələcəkdə atılacaq addımları müzakirə edəcəklər: “Bu iki dost və qardaş xalq arasında olan münasibətlər çərçivəsində bütün sahələrdə sıx əməkdaşlıq edirik. Koronavirus pandemiyası iqtisadi əlaqələrimizə təsirsiz ötüşməyib. Lakin ticarət dövriyyəsinin azalması elə də əhəmiyyətli olmayıb. Biz birlikdə pandemiyanın öhdəsindən gələndən sonra ticarət dövriyyəsində azalma aradan qaldırılacaq. Bunun üçün imkanlarımız var”. 

.