Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir.

Həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb.

Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

“Vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd edilib.

\

.