“Guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassızdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında deyib.

Nazir qarşı tərəfə gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verib.

Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxlərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb.

Azərbaycan tərəfinin dialoqa sadiqliyi və bölgədə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa daim hazır olduğu vurğulanıb.

Nazir: "Ermənistan sülh prosesinə müxtəlif təxribatlarla maneçilik törədir"

“Post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədilir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığında deyib.

Danışıq zamanı bu xüsusda, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib.

30 ilə yaxın davam etmiş ərazilərimizin işğalı zamanı və son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilmədiyi qeyd olunub.

.