Qubada leysan yağışları nəticəsində dağ çaylarında əmələ gələn daşqınlar yol infrastrukturuna və şəxsi təsüərrüfatlara ciddi ziyan vurub.

Sel, əsasən, Qudyalçay, Qaraçay, Ağçay, Cağacıq çaylarının keçdiyi ərazilərdə daha çox dağıntılarına səbəb olub.

Qaraçay Qubanın Birinci və İkinci Nügədi kəndlərini birləşdirən körpü üçün təhlükə yaradıb. Kənd sakinlərinə məxsus bir neçə iribuynuzlu heyvanı da aparıb.

Rayonun Xanəgah kəndinə gələn sel isə daha çox yaşayış məntəqəsinə zərər vurub. Selin gətirdiyi ağac parçaları körpünün qarşısını kəsib. Nəticədə, sel kəndin içinə doğru axmağa başlayıb, kəndin yolunu dağıdıb, bağ və bostanlara ciddi ziyan vurub. Xanəgah kəndində də sakinlərin iri və xırdabuynuzlu heyvanları selin qurbanına çevrilib.

Bundan başqa, Yerfi, Qayadalı, Buduğ, Söhüb, Qalaxudat və çayların ərazisinə aid olan digər yaşayış məntəqələri zərər görüb.

Hazırda sakinlərə dəyən zərər araşdırılır və selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

.