Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni (bundan sonra – Mərkəz) on beş gün müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Müəyyən edilir ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.

 Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

 - Mərkəzin nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi, onların dəyişdirilməsi;

 - Mərkəzin idarəetmə orqanlarının yaradılması;

 - Mərkəzin strukturunun təsdiq edilməsi;

 - Mərkəzin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla yenidən təşkili və ləğv edilməsi;

 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə:

- Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

 Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

 - Mərkəzin strukturunu və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla nizamnaməsini təsdiq edir;

 - fəaliyyətinin təmin edilməsi məqsədilə Mərkəzin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görür;

- Fərmandan irəli gələn digər məsələləri həll edir.

 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

.