Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 213 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 495  fərdi (mikro) sahibkar, cəmi 141 708 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 349  işçini əhatə edən 28 213 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,51 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,75 mln. manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 532 vergi ödəyicisinə 202 903 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 86,35 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 495 vergi ödəyicisindən müraciət daxil olub, 106 043 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,13 mln. manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,71 mln. manat vəsaitin 101 381 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 3-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 147 070,3 min manat məbləğində maliyyə dəstəyi göstərilib.
 

.