Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini deyib, Serbiyanı Bakıdakı tədbirdə xarici işlər nazirinin təmsil edəcəyini bildirib. Serbiya Prezidenti bu dialoqun gedişi barədə dövlət başçısına məlumat verib.

Aleksandar Vuçiç Serbiyanın dost Azərbaycan ilə qarşılıqlı hörmət və anlaşmaya, o cümlədən dəstəyə əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti iki dövlət başçısının yüksək şəxsi münasibətləri sayəsində dinamik inkişaf edən Azərbaycan-Serbiya strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb, bu ilin də ikitərəfli münasibətlərimiz üçün uğurlu olacağına ümid etdiyini bildirib.

Söhbət zamanı enerji sahəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

.