“Azərbaycan təhsili ənənəvi formaya qayıdır”.

Bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycan təhsili də COVİD pandemiyası ilə üz-üzə qalıb: “Növbəti tədris ilə bağlı əsas qərar ondan ibarətdir ki, uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili ənənəvi formaya qayıdır”.

Sentyabrın 22-dən ibtidai siniflər, sentyabrın 29-dan yuxarı siniflər və tələbələr ənənəvi təhsilə başlayacaq

“Ənənəvi təhsil mərhələlərlə təşkil olunacaq”.

Bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq.

Nazir dərslərin gec başlanmasının səbəbini açıqlayıb

“Məktəblərin açılıb dərhal bağlanmasındansa davamlı fəaliyyəti təşkil etmək daha düzgündür".

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, bir həftəni digər tətil günləri ilə əvəzləmək olar: “Davamlılıq baxımından bir qədər gözləyib, 1 həftə gec başlayırıq. 1 həftə ərzində vaksinasiya nəticəsində daha çox insanda immunitet yaranacağını düşünürük”.

Nazir: “Gündəlik yoluxanların 8 faizini şagirdlər təşkil edir”

“Gundəlik yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edir".

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, gün ərzində 10 faizə qədər yoluxma məktəblərdə olan müəllim və şagirdlər arasında olur: “Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik".

İndiyədək vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb

"Ən vacib məsələlərdən biri vaksinasiya məsələsidir"

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, aprel-may aylarında təhsil müəssisələrinin 80 faizinin vaksin olunması əsas şərt kimi qoyulurdu: "İndiyədək 169 862 təhsil işçisi vaksinasiyadan keçib".

Emin Əmrullayev: "Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik"

“Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik”.

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, bununla bağlı qaydalar hazırlanır: “Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq".

Emin Əmrullayev: "Bir şagird yoluxubsa, buna əsasən ümumi qapanmaya ehtiyac yoxdur"

“Distant və ya hibrid təhsil nazirliyin xüsusi sevimli forması deyil"

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib. Nazir bildirib ki, bu, ötən il ən optimal forma idi: “Ənənəvi təhsilə qayıtmaq o demək deyil ki , pandemiya bitib. Vaksinlənmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur".

Təhsil naziri: “Şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik”

“Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik”.

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazirin sözlərinə görə, vətəndaşların müəyyən məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb olunur ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir: “Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Lakin düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır”.

Nazir: “Şənbə günü ictimai nəqliyyatın işləməməsi məktəblər üçün ciddi problem yaratmır”

“Şənbə günü ictimai nəqliyyatın işləməməsi ilə bağlı bütün məktəblərə sorğu göndərib, araşdırma aparmışıq. Sorğuların cavabından görünən odur ki, məktəblərdə bu problem elə də ciddi deyil”.

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir deyib ki, əsasən, kənarda yerləşən məktəblərə uşaqlar ictimai nəqliyyatla gəlmir: “Onlar daha çox şəxsi minik vasitələri ilə valideynlər tərəfindən təmin olunur. Müəyyən istisna hallar olursa, biz bunu müəssisə bazasında həll edə bilirik. Ümumilikdə bu məsələ ciddi problem kimi durmur. Çünki bizim 6 gün tədris olan məktəblərimizin sayı elə də çox deyil. Biz yalnız Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın məhdudlaşmasından danışırıq”.

Təhsil Nazirliyi: Şagirdlərin məktəbdə maska taxması məcburi deyil

Şagirdlərin məktəbdə maska taxması məcburi deyil.

Bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə bildirib.

R. Ağayev deyib ki, uşaqların məktəbdə maska taxması yaşından asılı olmayaraq onların valideynlərə buraxılır.

O qeyd edib ki, valideynlər istəsə, övladının maska taxmasını təmin edə bilər: "Bununla bağlı bizim tərəfimizdən hər hansı məcburiyyət yoxdur".

Nazirlik: "Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək"

“Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək”.

Bunu Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.

O qeyd edib ki, böyük və kiçik summativlər təşkil ediləcək: "Bunun üçün müəllimlərə veriləcək təlimati məktublar hazırlanaraq yaxın günlərdə yerlərə göndəriləcək".

.