Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiya ilə başa çatan Vətən müharibəsindən bir ilə yaxın zaman keçsə də regionun inkişafı, region dövlətlərinin və xalqlarının təhlükəsizliyi naminə sülh danışıqlarının aparılması zəruriyyəti öz aktuallığını qoruyub saxlayır. Keçən dövr ərzində qalib ölkə olmasına baxmayaraq Azərbaycan bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibəsində də ölkə başçısı regionun sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının vacibliyini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır. Regionun inkişafı naminə sülh razılaşmasının üçün Azərbaycan hətta 28 il müddətində fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyası kimi görüş təkliflərinə razılıq verməyə hazır olduğunu bəyan etmişdir. Dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan bu mesajlar bir daha Azərbaycanın sülh tərəfdarı olan ölkə kimi mövqeyini əks etdirir. Əfsuslar olsun ki, məğlub olaraq kapitulyasiya aktına imza atan bir ölkə kimi daha çox sülh danışıqlarına ehtiyacı olan Ermənistan rəhbərliyi hələ də revanşist qüvvələrin təsiri və təzyiqi üzündən təklif olunan danışıqlar prosesinə adekvat cavab verməyib. Qeyd edək ki, hələ ki Azərbaycanın təklifi masa üzərindədir amma təbii ki, səbir sonsuz deyil və Azərbaycanın səbri sona çatdıqdan sonra olanları ən yaxşı Ermənistan bilir. Buna görə də reallığı dərk edib, sülhə can atması ən çox onun özünə sərf edəcəkdir. O cümlədən sülh müqaviləsi ilə Avrasiya regionunda əməkdaşlığın möhkəmlənməsi üçün də yeni imkanlar yaranacaqdır. Burada həm yeni əməkdaşlıq formatları, həm də müasir beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərdə tutulur. Təbii ki, bu, həm də regiona uzun müddətli sülhün gəlişinin başlanğıcı ola bilər.

Qeyd edək ki, 26 illik atəşkəs dövründə danışıqlar zamanı Azərbaycan sülh yolu ilə münaqişənin həlli üçün bütün mümkün vasitələrdən istifadə edib. Amma beynəlxalq qurumların səssiz və fəaliyyətsiz davranması, Azərbaycana qarşı davamlı olaraq ikili standartların tətbiq olunması müharibənin baş verməsinin əsas səbəbləri oldu. İlk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bəzi ölkələrə tətbiq olunan zaman dərhal icra olunur, amma Azərbaycan-Ermənistan münaqişəsinə qarşı yanaşmada işğalçıya heç bir təsir göstərilmədi. Hətta Vətən müharibəsi dövründə dünyanın bəzi aparıcı dövlətlərinin Azərbaycana qarşı qərəzli mövqeyi, açıq-aşkar olaraq işğalçı dövləti dəstəkləməsi təəssüf doğuran hal olaraq tarixə düşdü. Eyni zamanda, hər zaman Azərbaycanda dost ölkə hesab olunan, Minsk qrupunun sədri kimi obyektiv mövqe bildirməli olan, dünyanın aparıcı dövlətlərindən biri Fransanın müharibə dövründə özünü dürüst vasitəçi kimi aparmaması, işğalçı dövlət olan Ermənistanı dəstəkləməsi də narahatlıq doğurdu.

Burada bir məqamı yaddan çıxarmaq lazım deyil ki, sadə ermənilər Ermənistanın acı məğlubiyyətini qəbul ediblər və bununla barışıblar. Çünki belə olmasaydı məğlub olmuş birini yenidən səs verərək hakimiyyətə qaytarmazdılar. Sadə ermənilər İkinci Qarabağ müharibəsində yaşadıqları faciəni bir daha yaşamaq istəmirlər. Hətta İrəvanda ermənilər arasında aparılan sorğularda respondentlər Qarabağın Azərbaycanın ərazisi olduğunu və yenidən müharibə olacağı təqdirdə Azərbaycan Ordusu ilə savaşa getməyəcəklərini bildiriblər. Bu faktlar bir daha Azərbaycanın haqlı olduğunu sübut edir.

Xüsusilə vurğulamaq istərdim ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təkcə 30 illik münaqişənin başa çatması deyil, 30 il müddətində Ermənistanın təcavüzkar, qəsbkar, işğalçı dövlət olduğu barədə dünyaya rəsmi şəkildə təqdim olunan tarixi bir sənəddir. Məhz bu sənəddə Ermənistan rəhbərliyinin imzası, Bəyanatın müddəalarına uyğun olaraq növbəti mərhələlərdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz olaraq Azərbaycana qaytarılması deyilənləri bir daha təsdiq etdi. Və bütün bu baş verənlərdən sonra rəsmi İrəvanın yenidən Qarabağı öz əraziləri və yaxud “müstəqil” bir qurum saymaqları olduqca absurd fikirlərdir. Tarixi Azərbaycan torpaqlarında dövlətlərini quran ermənilərin ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı bəyanatları səmərəsiz və Azərbaycan ərazilərində yaşayan ermənilər üçün şanslardan istifadə etməmək deməkdir. Azərbaycan və Ermənistan arasındakı iqtisadi və insanların yaşam tərzi arasındakı fərq Azərbaycan vətəndaşı olan hər bir erməni üçün xoşbəxt gələcək vəd edə bilər. Münaqişə dövründə danışıqlar zamanı Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır olduğumuzu bildirsək də, ermənilər hər zaman bunu rədd edərək yalnız müstəqillik istəyirdilər. Lakin artıq münaqişə başa çatmış, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. Tolerant ölkə olan Azərbaycanda ermənilər də onlarla digər xalqların nümayəndələri kimi Azərbaycan qanunları çərçivəsində yaşamaq məcburiyyətindədirlər.

İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri

.