Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisi işlərinin 92%-i artıq yerinə yetirilib.

Bolqarıstan mətbuatı verdiyi xəbərə görə, bu barədə ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georieva bildirib.

Onun sözlərinə görə, cari il iyunun sonunadək interkonnektor fiziki cəhətdən hazır olmalıdır, iyul ayında isə qaz sınaqlarına başlanılacaq. Podradçı tikinti şirkəti oktyabrdan gec olmayaraq istilik mövsümünə hazır olmaq üçün əlindən gələni edir.

Teodora Georgiyeva bildirib ki, layihə çərçivəsində həm Bolqarıstan, həm də Yunanıstanda qalıq iş var, lakin böyük irəliləyiş əldə olunub. Hər iki ərazi üzrə qaz kəmərinin xətt hissəsi hazırlanıb, borular düzülüb və basdırılıb, hidroattestasiya işləri aparılıb. Buna baxmayaraq, Komotini (Yunanıstan) və Stara Zaqorada (Bolqarıstan) yerləşəcək qaz-ölçmə məntəqələrində hidrosınaqlar hələ ki aparılmayıb.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

.