Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdirib.

Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək və məhv etmək tapşırığı simulyasiya olunub.

Həmçinin orta hündürlükdə mürəkkəb döyüş manevrləri etməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq üsulları da məşq etdirilib.

Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində pilotlarımız 44 günlük Vətən müharibəsində əldə olunan döyüş təcrübəsini digər iştirakçı ölkələrin hərbi pilotları ilə bölüşür, eyni zamanda onların da təcrübələrindən faydalanırlar.

.