Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.

Bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyir.

Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.

"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirib.

Azərbaycanda inflyasiya yavaşlayacaq - S&P

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətlərinin orta artımı 6,5% təşkil edəcək

2023-cü ildə ortaillik inflyasiyanın 4,5% təşkil edəcəyi, 2024-2025-ci illərdə isə 3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq. Bankın proqnozuna görə, 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.

.