Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin əsas prioritet hədəfidir. Prezident İlham Əliyev daim qətiyyətlə bildirir ki, Ermənistan münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycan öz torpaqlarının azad etmək üçün istənilən an hərbi əməliyyatlara başlaya bilər. Bu gün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib və bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq. 
    İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Mənfur düşmən işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Son 20 gündə Ermənistanın müttəfiq saydıqları bütün ölkələr ya Azərbaycanı dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Buna görə də erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. 
    Son günlərdə Ermənistan baş nazirinin ölkəmizə qarşı irəli sürdüyü yeddi şərtə nəzər salsaq görərik ki, bu şərtlərin heç biri qəbuledilən deyil və Azərbaycan heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar apara bilməz. Erməni xalqı başa düşməlidir ki, onu idarə edən siyasi rejimlər həmişə Qarabağ “kart”ından istifadə etməklə bütün erməniləri aldadır və eyni zamanda da erməni xalqının taleyini Qarabağ problemindən asılı vəziyyətdə saxlayırlar. Əgər erməni xalqı bundan sonra da acınacaqlı yaşayış tərzinin davam etməsini və erməni gənclərinin Qarabağda ölməsini istəmirsə müharibə canilərinin, siyasi quldurların və Sorosun nökərlərinin Ermənistanı idarə etməsinə son qoymalıdır. 
    Ermənistanın baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır" deməsi artıq danışıqlar prosesini məhv etdiyini sübut edir. Ölkə başçısının da qeyd etdiyi kimi, danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun və Azərbaycan Ermənistanın 7 şərtinin qarşısına yalnız bir şərt qoyur: Ermənistan silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır. 
 

.