“Koronavirusla mübarizədə sərhədlərin bağlanması peyvənd kimi təsirli deyil”. Bu barədə səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides “Augsburger Allgemeine” qəzetində dərc olunmuş müsahibəsində bildirib.

“Koronavirus mutasiyalarından qorxu başa düşüləndir. Amma həqiqət ondadır ki, sərhədlər virusun qarşısını almır. Yalnız peyvənd və gigiyena qaydalarına riayət mutasiyalara qarşı kömək edə bilər. Hesab edirəm ki, 2020-ci ilin mart ayında Avropada sərhədlərin bağlandığı vəziyyətə qayıtmaq yanlışdır”, - o deyib.

Kiriakides, həmçinin bildirib ki, əgər artıq Aİ-də sertifikat almış peyvənd istehsalçısı yeni mutasiyalarla mübarizə aparmaq üçün öz məhsulunu təkmilləşdirmək istəsə, o, bütün sertifikatlaşdırma prosesini yenidən keçməməlidir. “Yəni uyğun vaksinləri daha tez əldə etmək və eyni zamanda təhlükəsizlik tələblərini azaltmamaq mümkün olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Almaniya bu həftə Çexiya və Avstriya sərhədində gücləndirilmiş nəzarət tətbiq edib. AFR hakimiyyəti koronavirus mutasiyalarının yayılmasından qorxur.

.