ATƏT Baş katibi Helqa Şmit Rusiyanın təşkilatdan çıxarılmasının əleyhinə olduğunu bildirib.

ATƏT Baş katibi bu barədə "Die Welt"ə müsahibəsində deyib.

"Hesab edirəm ki, bugünkü nöqteyi-nəzərdən Rusiyanın ATƏT-in üzvü olmağa davam etməsi məntiqlidir. Bir gün yenidən kommunikasiya kanallarına ehtiyacımız olacaq", - o deyib.

Onun sözlərinə görə, diplomatik kanalların saxlanması təşkilatın Moskvanın mövqeyi ilə razılaşdığı anlamına gəlmir: "Eyni masa arxasında oturmaq “diplomatik nəzakət mübadiləsi” demək deyil".

Almaniyalı diplomat əlavə edib ki, ATƏT Avropa təhlükəsizlik arxitekturasında mühüm rol oynayan bütün tərəflərin bir masa arxasında oturduğu yeganə təhlükəsizlik təşkilatıdır.

O xatırladıb ki, ATƏT soyuq müharibə dövründə müxtəlif maraqları olan ölkələr tərəfindən yaradılıb və Avropa Şurasından fərqli olaraq, ATƏT-in Rusiya Federasiyasını təşkilatdan xaric edə biləcəyi mexanizm yoxdur.

Qeyd edək ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə, bu ölkənin ATƏT-dən kənarlaşdırılmasının vacibliyi barədə çağırış edib.

.