Fevralın 26-da Ankarada Azərbaycan Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə "Kədərdə, qədərdə çiyin, çiyinə” adlı tədbir keçirilib.

TADİV Şuşa Konqres mərkəzində keçirilən tədbirdə Xocalı qurbanlarının, eləcə də bu il fevralın 6-da Türkiyənin 10 vilayətində baş vermiş ağır zəlzələdə həyatlarını itirən qardaş ölkənin çoxsaylı vətəndaşları yad edilib, sonra Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Hər iki faciədə şəhid olanların əziz xatirəsinə ehtiram olaraq, Qurani-Kərim ayələri oxunub.

Tədbirdə Ankara Universitetinin rektoru Necdet Univar, AKP-nin İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlametlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Milli Məclisin deputatları Kəmaləddin Qafarov və Anar Məmmədov, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev, Ankara Universitetinin rektoru Necdet Ünivar, Türkiyənin Dini İşlər üzrə Ali Şurasının sədri professor Abdurrahman Haçkalı iştirak ediblər.

Sonra Xocalı faciəsi barədə və fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələnin ağır nəticələri haqqında ümumi məlumat verilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, azərbaycanlı professor Aygün Attar bildirib ki, Xocalı faciəsini, günahsız insanların qətlini 31 ildir Azərbaycan əhalisi qədər Türkiyə ictimaiyyəti də necə ürək yanğısı ilə anırsa, Türkiyədə zəlzələdə itkilərin ağrısını da Azərbaycan xalqı eləcə dərin kədər hissi, ürək yanğısı ilə yaşamaqdadır.

Xocalı soyqırımına siyasi qiymət verilməsi, soyqırımının dünya birliyi tərəfindən tanınması proseslərindən bəhs edən professor diqqətə çatdırıb ki, Ermənistan təkcə Xocalı soyqırımını törətməyib, eyni zamanda, otuz il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün tikililəri dağıdıb, meşələri yandırıb, məhv edib, yeraltı və yerüstü sərvətləri talayıb, su mənbələrinə və təbiətə qarşı sistemli terror törədib.

İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı yalnız Xocalı soyqırımını deyil, çoxsaylı cinayətlər törətdiyini xatırladan səfirin müşaviri Eldar Əliyev bildirib ki, bu cinayətlər 44 günlük Vətən müharibəsində müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam edib. Müşavir deyib ki, Türkiyənin bu ağır günlərində Azərbaycan Türkiyənin yanında olub və bundan sonra da hər şəkildə dəstək verməyə hazırdır.

Şamil Ayrım deyib ki, türk xalqları bir-birinə dəstək verərək daha mübariz olmalıdır:

“Bir olsaq, təhdid və risklərə qarşı daha təsirli tədbirlər görərik”.

Şamil Ayrım bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın təkcə əhalisi deyil, bu ölkənin infrastrukturu, yaşayış məskənləri ağır artilleriya və raketlərlə hədəf alınıb. Lakin bütün bu vəhşiliklərə sinə gərən Azərbaycan savaşdan üzüağ və qalib çıxıb, ona görə də o, bu gün “Xocalıya ədalət” istəyir.

Rektor Necdet Ünivar Türkiyənin təbii fəlakət zamanı hər zaman olduğu kimi yenə də Azərbaycanın yanında olduğuna görə təşəkkür edib:

“Necə ki, Nəriman Nərimanov 1900-cü illərdə Atatürkə “Qardaşın qardaşa borcu yoxdur” demişdi, bu fəlakətdə də cənab İlham Əliyev ilk gündən öz qardaş dəstəyini verdi. Türkiyə uzadılan kömək əlini unutmur, unutmayacaq, ilk yanımızda olan Azərbaycanı da”.

.