Avropa Komissiyası Dağlıq Qarabağ və onun ətrafında gedən son hərbi əməliyyatların təsirinə məruz qalanlara kömək üçün 3 milyon avro humanitar yardım ayırıb.

Hərbi əməliyyatların başladığı 2020-ci ilin sentyabrından bəri Avropa İttifaqı (Aİ) bu münaqişədən təsirlənənlərə ümumilikdə 6,9 milyon avro humanitar yardım ayırıb.

Aİ-nin Böhranların İdarəedilməsi üzrə Komissarı Janez Lenarcic bildirib ki, hərbi əməliyyatlar dayandırılsa da bölgədə humanitar vəziyyət ağır olaraq qalır: “Hazırda sərt qış və koronavirus pandemiyası vəziyyəti daha da kəskinləşdirir. Aİ Dağlıq Qarabağ və onun ətrafında münaqişədən əziyyət çəkən əhaliyə dəstəyini artırır. Bu yardım ən çox ehtiyacı olanlara təcili yardım təmin etməyə kömək edəcək”, - deyə Aİ Komissarı qeyd edib.

Bildirilib ki, bu təcili yardım Aİ-nin humanitar tərəfdaşlarına münaqişənin təsirinə məruz qalan əhaliyə qida, sığınacaq, qış məhsulları və digər əsas ehtiyaclar, zəruri səhiyyə xidmətləri və psixososial dəstək təmin etməyə imkan verəcək.

Aİ-nin humanitar maliyyələşdirməsi insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq verilir.

.