Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb.

Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin saytına yerləşdirilmiş bəyanatda bildirilib ki, Aİ itkilərlə nəticələnmiş Ermənistan-Azərbaycan sərhədindəki toqquşmadan dərin narahatlıq keçirir.

Xatırladılıb ki, sərhəddəki vəziyyətlə əlaqədar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon əlaqəsi saxlayıb, sərhəddə yaranmış vəziyyəti müzakirə edib və tərəfləri gərginliyin təcili azaldılmasına və atəşkəs rejiminə tam riayət olunmasına çağırıb: “Aİ Ermənistan və Azərbaycanı son dərəcə təmkinli olmağa, ərazidəki hərbi qüvvələrdən istifadə etməməyə və imzalanmış üçtərəfli bəyanatlar çərçivəsində götürülmüş öhdəliklərə hörmət etməyə çağırır. Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla, həll edilməmiş məsələlərin hərtərəfli həlli istiqamətində işləmək üçün danışıqları bərpa etməyə çağırırıq.

Bəyanatda qeyd olunub ki, Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin 15 noyabr tarixli bəyanatını dəstəkləyir.

“Aİ gərginliyin aradan qaldırılmasına kömək etmək və bu regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabitliyin, firavanlığın və sülhün olduğu Cənubi Qafqazın qurulmasına töhfə vermək üçün Ermənistan və Azərbaycanla işləmək öhdəliyini bir daha bəyan edir”, - bəyanatda vurğulanıb.

.