ABŞ-ın Baltimor şəhərində 12 dekabr tarixində “Orta Dəhliz: İqtisadiyyatların limanlar və hava daşımaları vasitəsilə əlaqələndirilməsi” adında ABŞ-Azərbaycan logistika konfransı keçiriləcək.

Bu barədə  ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) xəbər verir.

Məlumata görə, “Orta Dəhliz: İqtisadiyyatların limanlar və hava daşımaları vasitəsilə əlaqələndirilməsi” Azərbaycanda, Mərkəzi Avrasiya regionunda və onun hüdudlarından kənarda hava nəqliyyatı ilə yükdaşımaları və liman inkişafı məsələlərini müzakirə edəcək sənaye əsaslı konfransdır. Bu platforma idxalçılara, ixracatçılara, yükgöndərənlərə, yük alanlara, ekspeditorlara və digər sənaye oyunçularına bu mühüm fürsətdən necə istifadə etmək barədə fikir mübadiləsi aparmağa və təcrübə ilə bölüşməyə imkan verəcək.

Tədbirdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, USACC Direktorlar Şurasının sədri Reza Vəziri, USAID-in Avropa və Avrasiya üzrə administrator köməkçisinin müavini Alexander Sokolovski, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin Baş katibi Aset Asavbayev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, "Silk Way West Airlines" şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas və digərləri iştirak edəcəklər.

.